Halal Təam

Kürə Pizzanın əsas və ən önəmli iş prinsiplərindən biri də halallıq faktorudur. Halal qidanı əldə etmək yolları, onu istifadə etmək qaydaları bədənin sağlamlığında, ağlın və psixologiyanın sağlamlığında və nəhayət ailə və cəmiyyətin sağlamlığında yüz faiz təsir qüvvəsinə malikdir. “Kürə Pizza” restoranında siz yalnız halal məhsullarla tanış olacaqsınız. İslam qayda-qanunlarına uyğun şəkildə hazırlanan bu qidalar sizin ixtiyarınıza verilir.

“İnsanın yediyinə və içdiyinə diqqət etməsi lazımdır” sözünü hər kəs deyir: həkim, müəllim, televiziyadakı aparıcı və s. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Haram loğma ilə əmələ gələn bədəninin hüceyrələri ancaq cəhənnəmdə təmizlənəcək”. Bu səbəbdən haram loğma mövzusunda başda əshabi-kiram olmaqla, bütün Allah dostları maksimum dərəcədə həssaslıq göstərmişlər.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hədisi-şəriflərində də belə buyurmaqdadır: “Halal da məlumdur, haram da. İkisinin ortasında hökmü bəyan edilməyən və insanların da çoxunun bilmədiyi şübhəli şeylər vardır. Müttəqi və zahid odur ki, bu şübhəli şeylərdən də çəkinsin. Bunlardan çəkinən, dinini və ismətini qorumuş olar. İnsan bir qoruğun ətrafında qoyun otaran çoban kimi olmalıdır. Hər an qoruq sahəsinə keçmə təhlükəsi ilə qarşı-qarşıya olan, minalanmış tarlada gəzən bir insan kimi ayıq-sayıq və həssas olmalıdır. İnsanda bir ət parçası vardır. Bu ət düzgün və sağlam olarsa, bədən də sağlam olar, pozularsa, bütün bədən pozular. Diqqət edin, bu, ürəkdir. “

Dərədə üzən alma

Haram loğma mövzusunda həssas davrandığı üçün hekayəsi dillərə dastan olan məşhurlardan biri də İmam Əzəm Əbu Hənifə Həzrətlərinin atası Sabitdir. O möhtərəm şəxsin harama qarşı böyük bir həssaslığı vardı. Onun haqqında belə bir mənqibə rəvayət olunur: Sabit bir gün dəstəmaz almaq üçün bir dərə kənarına gəlir. Bu vaxt suda bir alma görür. Dəstəmaz alandan sonra “Onsuz da suda çürüyüb gedəcək” deyə düşünür və almanı götürüb yeyir. Bir müddət sonra tüpürcəyində qan izi görür. İndiyə qədər belə bir hala şahid olmadığı üçün tüpürcəkdəki qanın bu almadan olduğunu təxmin edir. Yediyinə min peşman olur. Almanın sahibini tapıb halallaşmaq üçün dərə boyunca üzü yuxarı yola düzəlir. Nəhayət, bağ sahibini tapır və halallıq istəyir.

Bağ sahibi halallıq vermək üçün şərt qoyur: “Mənim kor, kar, dilsiz və şikəst bir qızım var. Onunla evlənməyə razı olarsan, almanı sənə halal edərəm”. Sabit Həzrətləri axirətə qul haqqı ilə getmək qorxusundan tir-tir titrədiyi üçün bu təklifi dərhal qəbul edir. Toy hazırlıqları görülməyə başlanır. Sabit Həzrətlərinin toy gecəsi gərdəyə girməsi ilə çıxması bir olur. Dərhal qayınatasının yanına gələrək təəccüblə soruşur: “Bir səhv var, yəqin, içəridə sizin bəhs etdiyiniz xüsusiyyətlərdə bir qız yoxdur?” Qayınatası təbəssüm edərək: “Oğlum, qız mənimdir. Sənin halalındır. Mən sənə kor dedimsə, demək istədiyim odur ki, o heç vaxt harama baxmayıb. Kar dedimsə, o, heç vaxt haram olan bir söz eşitməyib. Dilsiz dedimsə, o, heç vaxt haram olan bir şey danışmayıb. Şikəst dedimsə, o, heç vaxt harama tərəf bircə addım da atmayıb. Var get məhrəminin yanına, Allah Təala sizi məsud, ailənizi mübarək etsin”, – deyir. Bəli, məhz bu cür halal-haram həssaslığı ilə qurulan ailədən, yəni belə pak ana və atadan İmam Əzəm Əbu Hənifə Həzrətləri kimi bir şəxsiyyət dünyaya gəlir.

Qalanını özümüz düşünək…

Şöbələrimiz formu

×

Catering Sifarişi

Bizi seçdiyiniz üçün təşəkkür edirik!
×